Ukrayna Rusiyaya qarşı hava gücünü artırmağa çalışdığı bir vaxtda Kiyevin 10-20 «Eurofighter» qırıcısı almaq üçün İtaliya ilə danışıqlar apara biləcəyi barədə məlumatlar yayılıb.
«The National Interest» nəşrində Ukrayna Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi ilə bağlı dərc olunan məqalədə bildirilir ki, İtaliya 26 köhnə «Eurofighter» qırıcısını istismardan çıxarmağı planlaşdırır. Bu qırıcıların bir hissəsi Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün istifadə oluna bilər, lakin onların təhvil verilməsi üçün təyyarəni istehsal edən Avropa tərəfdaşlarının da razılığı tələb olunur.
Eyni zamanda, ABŞ Dövlət Departamenti Ukraynanın F-16 qırıcıları üçün 621,9 milyon dollar dəyərində xidmət və texniki dəstək avadanlığının mümkün satışını təsdiqləyib. Bu xərcin Avropa ölkələri tərəfindən qarşılanması nəzərdə tutulur.
Digər tərəfdən, təqaüdə çıxmış amerikalı general Vaşinqtona istismardan çıxarılmış 50-60 F-15 qırıcısını Rusiyanın dronları və raketlərinə qarşı mübarizə üçün Ukraynaya verməyi təklif edib.
Bununla belə, «Eurofighter» və F-15 təyyarələrinin təhvil verilməsi hələ qəti deyil, məsələ araşdırma və ya təklif mərhələsindədir.