Türkiyə Xarici İşlər Nazirliyi noyabrın 25-də, çərşənbə günü Yəmən husilərinin çərşənbə axşamı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Abdullah Maliyyə Mərkəzinə hücumunu «ən sərt şəkildə» pisləyib və mülki obyektlərə hücumların dərhal dayandırılmasını tələb edib.
Anadolu agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu hücumları regionda sülh və təhlükəsizlik üçün təhdid adlandırıb, Ər-Riyaddakı hücumda yaralananlara şəfa diləyib. Ankara həmçinin Səudiyyə Ərəbistanı ilə «tam həmrəy» olduğunu, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Anadolunun yazdığına görə, Yəmən 2022-ci ilin aprelində elan olunan atəşkəsdən sonra nisbi sakitlik dövrü yaşayıb, lakin bu ilin iyul ayından etibarən toqquşmalar yenidən şiddətlənib. İslam Respublikasının dəstəklədiyi husilər Yəmən hökumətinin nəzarətində olan ərazilərə hücumları artırmaqla yanaşı, ballistik raketlər və pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanı ərazisini də hədəfə alıblar.