Tehranda evin tam girovla kirayəsi üçün təklif olunan məbləğ bir il ərzində 69 faiz artıb. «Fərhixtəgan» qəzeti bu rəqəmi 1405-ci ilin mehr ayı üçün ötən ilin mehr ayı ilə müqayisədə dərc edib. Hesabatdakı məlumatlar daşınmaz əmlak platformalarında yerləşdirilən elanlardan toplanıb.
Tehranda ən böyük artım 135 faizlə 20-ci rayonda qeydə alınıb, 3-cü və 5-ci rayonlarda isə qiymətlər müvafiq olaraq 114 və 104 faiz bahalaşıb. Tehranın 22 rayonundan 12-də tam girovla kirayə qiymətlərinin artımı 70 faizi ötüb. Digər şəhərlərdə də vəziyyət eynidir: artım Məşhəddə 75, şimal şəhərlərində 74, İsfahanda 68, Kərəcdə 63, Şirazda isə 58 faiz olub.
«Fərhixtəgan» müharibə şəraitində ailələrin ödəniş imkanlarının azaldığını qeyd edərək Yollar və Şəhərsalma Nazirliyini və digər məsul qurumları tənqid edib. Qəzet bu qurumların mənzil bazarında gərginliyin daha da artmasının və kirayəçilərə təzyiqin qarşısını almaq üçün hansı planlarının olduğunu soruşub.