Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Təmim bin Həməd Al Tani iki ölkə arasında qarşılıqlı müdafiə paktını imzalayıblar. Bu pakt Türkiyə-Qətər Ali Strateji Komitəsinin 12-ci iclasında imzalanan beş sazişdən biridir. Digər sazişlər ticarət, təhsil və diplomatiya sahələrini əhatə edir.
Ərdoğan Qətər əmirini Dolmabağça sarayındakı Prezident iş ofisində rəsmi mərasimlə qarşılayıb. İki lider əvvəlcə qapalı qapılar arxasında danışıqlar aparıb. Görüşdə xarici işlər naziri Hakan Fidan və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak ediblər. Fidan və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani sülh və münaqişələrin həlli sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da imzalayıblar.