Mədəniyyət və İslami İrşad Nazirliyinin Şərqi Azərbaycan üzrə baş idarəsinin rəisi Təbrizdəki restoranların və iaşə müəssisələrinin ayrıca icazə olmadan canlı musiqi ifa etmək hüququ olmadığını açıqlayıb. Onun sözlərinə görə, bu müəssisələrə verilən fəaliyyət lisenziyası yalnız iaşə xidməti üçündür və bədii fəaliyyətə icazə sayılmır.
İrşad idarəsinin rəisi baş idarənin məqsədinin «qaydalara uyğun» bədii fəaliyyəti dəstəkləmək olduğunu iddia edib. O, həmçinin «məzmun və maliyyə pozuntularının qarşısının alınması» və ictimai asayişin qorunmasının vacibliyindən danışıb.
Bazar günü, noyabrın 8-də keçirilən iclasda İrşad idarəsi, İctimai Məkanlara Nəzarət İdarəsi və peşə ittifaqından ibarət birgə işçi qrupunun yaradılması təsdiqlənib. Bu işçi qrupu icazələrin verilməsi ilə məşğul olacaq və canlı musiqi ifasına daim nəzarət edəcək.