Soltan Azərbaycan Respublikasına və regionun enerji infrastrukturuna qarşı səsləndirilən təhdidlərə toxunaraq bildirib ki, sahillərinin bir hissəsinə İranın nəzarət etdiyi Hörmüz boğazından fərqli olaraq, İslam Respublikasının Cənubi Qafqazda heç bir ərazisi və ya hərbi bazası yoxdur. Onun sözlərinə görə, «ikinci Hörmüz» məsələsinin gündəmə gətirilməsi regional əməkdaşlığı təhdid etmək və Tehranın Cənubi Qafqazda hələ də həlledici təsirə malik olduğu təəssüratını yaratmaq cəhdidir.
Siyasi analitik İranın Azərbaycan Respublikasının enerji infrastrukturuna və tranzit marşrutlarına hücum etməsi ehtimalı ilə bağlı da fikir bildirərək qeyd edib ki, Bakı–Ceyhan boru kəməri, Trans-Adriatik qaz boru kəməri, Trans-Anadolu təbii qaz boru kəməri və Orta Dəhliz kimi layihələr beynəlxalq güclərin dəstəyinə malikdir.
O vurğulayıb ki, bu infrastruktura qarşı istənilən hücum müstəqil dövlətin ərazisinə təcavüz və dünya enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə və İslam Respublikasına qarşı daha geniş sanksiyalara səbəb ola bilər. Soltan məhz bu səbəbdən Tehranın həmin layihələrə qarşı hərbi addım atması ehtimalını aşağı qiymətləndirib.
Müsahibənin digər hissəsində İslam Respublikasının Cənubi Qafqaz siyasətini tənqid edən analitik deyib ki, Tehranın region ölkələrinə münasibətdə «böyük qardaş» yanaşmasını və hegemonluq siyasətini dəyişməsinin vaxtı çatıb. O, həmçinin İslam Respublikası rəsmilərinin Zəngəzur marşrutuna etirazını əsassız adlandırıb və bildirib ki, bu layihə Ermənistan və ABŞ arasında əldə olunmuş anlaşmalar çərçivəsində icra mərhələsindədir.
Soltan daha sonra İranın hakimiyyət strukturunda Azərbaycan Respublikası ilə münasibətlərə dair fikir ayrılıqlarına toxunaraq deyib ki, Məsud Pezeşkian Bakı ilə münasibətlərin yaxşılaşdırılması siyasətini yürütdüyü halda, İnqilab Keşikçiləri Korpusu iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələrin başında dayanır.
Onun sözlərinə görə, SEPAH Azərbaycan Respublikasına və Türkiyəyə qarşı hərbi təhdidlər səsləndirməklə və təbliğat kampaniyaları aparmaqla regional əməkdaşlığın genişlənməsi yolunda maneələr yaradır.
Siyasi analitik həmçinin Azərbaycan Respublikasını Cənubi Azərbaycan türkləri üçün nümunə kimi səciyyələndirib və bildirib ki, Tehranın Bakı ilə bağlı narahatlığının səbəblərindən biri Azərbaycan Respublikası ictimaiyyətinin İran türklərinin milli və mədəni hüquqlarını dəstəkləməsidir. Azərbaycan türklərinin ana dilində təhsildən məhrum edilməsinə, türk coğrafi adlarının dəyişdirilməsinə və Azərbaycan tarixinin təhrif olunmasına diqqət çəkən Soltan vurğulayıb ki, İranda qeyri-fars xalqların milli hüquqları təmin olunmayınca, onların bu hüquqları əldə etmək uğrunda mübarizəsi davam edəcək.
O, eyni zamanda qeyd edib ki, Cənubi Azərbaycanda milli hüquqların reallaşması hər şeydən əvvəl daxili qüvvələrin fəaliyyətindən və mübarizəsindən asılıdır, Azərbaycan Respublikası və digər xarici aktorlar isə bu tələbləri dəstəkləyə bilər. Soltan çıxışının digər hissəsində İranın Türkiyəyə hücum etməsi ehtimalı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, NATO üzvü olan bu ölkənin ərazisinin hədəfə alınması Tehran üçün geniş təhlükəsizlik və beynəlxalq fəsadlar doğura bilər.