İslam Respublikası Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini öz «terror təşkilatları» siyahısına daxil edib. Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) də Tehranın «düşmən» qruplar siyahısına əlavə olunub. İslam Respublikasının Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatla bu iki qərarı açıqlayıb.
Bəyanatda MI6-nın bu siyahıya daxil edilməsinin əsası kimi Milli Təhlükəsizlik Ali Şurasının qərarı və «Britaniya hökumətinin hərəkətləri» göstərilib. Britaniyanın iki hərbi qüvvəsi isə «Qarşılıqlı tədbirlər haqqında qanun» əsasında terror siyahısına salınıb. Bu qanun ABŞ-ın İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilmişdi.
Tehran Britaniyanın müharibədə ABŞ və İsraillə hərbi əməkdaşlığını bu addımın səbəbləri sırasında göstərib və onu «qarşılıqlı addım» prinsipinin təzahürü kimi dəyərləndirib.