"Məkkə Müdafiə Paktı"nın üzvü olan üç ölkənin, yəni Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksəkvəzifəli rəsmiləri oktyabrın 26-da, bazar ertəsi günü Tehranda İslam Respublikasının rəsmiləri ilə regiondakı təhlükəsizlik böhranlarını müzakirə edəcəklər. Görüş İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarını gücləndirməsindən sonra planlaşdırılıb.
Reuters agentliyinin xəbərinə görə, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın bu danışıqlarda iştirak edəcək rəsmilər sırasında adı çəkilənlərdir.
İran Milli Təhlükəsizlik Ali Şurasının katib müavini Əli Bağiri də bu rəsmilərin Tehrana səfər planını təsdiqləyib.
Bu proseslər Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Məkkə Müdafiə Paktını yaradaraq təhlükəsizlik və hərbi sahədə əməkdaşlığını genişləndirdiyi bir vaxtda baş verir. Razılaşmaya əsasən, üzvlərdən birinə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum sayılır.
Üç ölkə həmçinin oktyabrın 5-də Ər-Riyadda keçirilən fövqəladə toplantıda Səudiyyə Ərəbistanının şəhərlərinə və mülki obyektlərinə qarşı hücumları pisləyib, razılaşdırılmış qüvvələrin və hərbi imkanların təmin edilməsi, eləcə də onların Səudiyyə Ərəbistanında sürətlə yerləşdirilməsi barədə qərar qəbul edib.
Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə əməkdaşlığını gücləndirməklə yanaşı, regiondakı böhranların diplomatik yolla həll edilməsini vurğulayır. Ankara oktyabrın 23-də İstanbulda keçirilən diplomatik toplantıda da regional tərəfdaşları ilə birlikdə gərginliyin azaldılmasına, mülki infrastrukturun qorunmasına və dəniz yollarının təhlükəsizliyinin təmin olunmasına çağırıb.
Tehranda planlaşdırılan danışıqlar baş tutarsa, bu, husilərin Səudiyyə Ərəbistanına hücumlarını gücləndirməsindən sonra İslam Respublikası ilə Məkkə Paktının üç üzv ölkəsi arasında bu səviyyədə ilk birgə təmas olacaq.