ABŞ dövlət katibi Marko Rubionun Özbəkistana səfərindən sonra İranın bəzi diplomatik nümayəndəlikləri Səmərqənd şəhərinin və tarixi Registan meydanının İran-İslam sivilizasiyasına aid olduğunu iddia edən paylaşımlar yayıb. Bu, Daşkənd və Tehran arasında diplomatik gərginliyə səbəb olub.
Özbəkistan hökuməti bu paylaşımlara cavab olaraq İranın səfirini ölkənin Xarici İşlər Nazirliyinə çağırıb, ona rəsmi etiraz notası təqdim edib və dərc olunan paylaşımların silinməsini tələb edib.
Səmərqənd və Registan meydanı Özbəkistanın və Türküstan coğrafiyasının ən mühüm tarixi və mədəni simvollarından sayılır.
Bununla yanaşı, İranın Səudiyyə Ərəbistanındakı səfirliyinin X sosial şəbəkəsindəki hesabında Marko Rubioya ünvanlanan mesaj paylaşılıb. Mesajda Rubionun dünyanın müxtəlif yerlərinə səfər etmək, İranın zəngin mədəniyyəti və qədim irsi ilə tanış olmaq imkanı olduğu yazılıb. Səfirlik həmçinin ABŞ dövlət katibini gələcəkdə İran və bu ölkənin xalqı barədə fikir bildirərkən sözlərini daha diqqətlə seçməyə çağırıb.
Səmərqənd və Türküstanın mədəni irsi Özbəkistan tarixində tutduğu mühüm yerlə yanaşı, türk dünyası üçün də xüsusi əhəmiyyət daşıyır.