ABŞ vitse-prezidenti Cey Di Vens "Reuters" agentliyinə verdiyi eksklüziv müsahibədə Vaşinqtonun Məsud Pezeşkian və Abbas Əraqçi ilə danışıqlar apardığını bildirib. Lakin onun sözlərinə görə, bu iki şəxsin İran rejiminin hakimiyyət strukturunda nə dərəcədə qərarvermə səlahiyyətinə malik olduğu hələ də bəlli deyil. Vens vurğulayıb ki, ABŞ-ın Tehranda qərarvermə mexanizmi barədə hələ də aydın təsəvvürü yoxdur.
Vens oktyabrın 7-də, çərşənbə günü yayımlanan bu müsahibədə deyib ki, İran ABŞ-ın tələblərini yerinə yetirmək və yeddi aylıq müharibəyə son qoymaq üçün uran zənginləşdirmə potensialını «əhəmiyyətli dərəcədə» azaltmalıdır. Onun sözlərinə görə, istənilən razılaşma bu potensialın real şəkildə azaldılmasını nəzərdə tutmalıdır. Gələcəkdə nüvə fəaliyyətini məhdudlaşdırmaq barədə sadəcə vəd vermək kifayət deyil.
ABŞ vitse-prezidenti uranın 60 faizədək zənginləşdirilməsinə toxunaraq İslam Respublikasının rəsmilərinə müraciət edib: «Əgər nüvə silahı istəmirsinizsə, 60 faiz saflıqda zənginləşdirilmiş yanacağa nə ehtiyacınız var?» O əlavə edib ki, Tehran nüvə bombası hazırlamayacağına dair öhdəliyini nümayiş etdirmək istəyirsə, yüksək dərəcədə zənginləşdirilmiş yanacaq istehsal etməməlidir.