ArazNews
Ana Səhifə / Dünya / Rusiyanın taun əleyhinə laboratoriyasında şübhəli ölüm; ABŞ ağciyər taununa yoluxma ehtimalını nəzarətə götürüb
Dünya

Rusiyanın taun əleyhinə laboratoriyasında şübhəli ölüm; ABŞ ağciyər taununa yoluxma ehtimalını nəzarətə götürüb

Rusiyanın taun əleyhinə laboratoriyasında şübhəli ölüm; ABŞ ağciyər taununa yoluxma ehtimalını nəzarətə götürüb

Rusiyanın İrkutsk şəhərindəki Taunla Mübarizə İnstitutunun 28 yaşlı əməkdaşının ölümü və karantin tədbirlərinin tətbiq edilməsi ağciyər taununa yoluxma ehtimalı ilə bağlı narahatlıq yaradıb. Rusiya rəsmiləri indiyədək taun yoluxmasını təsdiqləməyib.

Azad Avropa Radiosunun məlumatına görə, ABŞ Dövlət Departamenti İrkutskda «ağciyər taunu şübhəsi olan bir ölüm hadisəsi» barədə xəbərlərdən məlumatlı olduğunu və ABŞ-ın səhiyyə qurumları ilə birlikdə hadisələrin gedişatını izlədiyini açıqlayıb. Vaşinqton həmçinin Rusiya rəsmilərindən bu işlə bağlı məlumatları operativ və şəffaf şəkildə ictimaiyyətə açıqlamağı istəyib.

İrkutsk Taun Əleyhinə İnstitutunun əməkdaşı Darya Şipilova ağır pnevmoniyaya yoluxduqdan sonra həyatını itirib. Müstəqil «Baykal insanları» nəşri öz mənbələrinə istinadən xəbər verib ki, o, xəstələnməzdən bir neçə gün əvvəl laboratoriyada taun törədicisi ilə işləyərkən qəza ilə üzləşib. Bu iddia hələ müstəqil şəkildə təsdiqlənməyib.

Rusiyanın ictimai səhiyyə qurumu xəstəlik törədiciləri ilə bağlı hər hansı qəzanın baş verdiyini təkzib edib və ölüm səbəbini «mənşəyi naməlum pnevmoniya» kimi açıqlayıb. Qurumun sözlərinə görə, aparılan analizlər də onun peşə fəaliyyəti ilə əlaqəli hər hansı törədici aşkar etməyib.