Tehran prokuroru hökumət əleyhdarlarından 394 nəfərin bank hesabları və avtomobillərinin müsadirə edildiyini bildirib və bu şəxsləri "düşmən dövlətlərlə" əməkdaşlıqda ittiham edib.
Əli Salehi çərşənbə axşamı günü Məhkəmə hakimiyyəti Media Mərkəzinə bildirib ki, bu şəxslərə məxsus 2 min 191 bank hesabı müəyyən edilib və 37 avtomobil müsadirə olunub.
Salehi bu şəxsləri rejimin "ikinci və üçüncü təhmil edilmiş müharibə" və "keçən ilin etirazları" adlandırdığı hadisələr zamanı "düşmənlə" əməkdaşlıqda ittiham edib və onları "əksinqilabçı ünsürlər" və "düşmən elementləri" kimi adlandırıb.
Məhkəmə hakimiyyəti daha əvvəl ölkə miqyasında müxaliflərə məxsus 240 əmlak vahidinin, o cümlədən Tehranda 143 vahidin müsadirə edildiyini və 182 bank hesabının bağlandığını açıqlamışdı.
Tehran prokurorunun bu gün açıqladığına görə, bu qurum tərəfindən Tehranda müsadirə edilən əmlakın bir hissəsi ölkə xaricindəki fars dilli mediaların jurnalistlərinə, media fəallarına və xaricdə yaşayan tanınmış şəxslərə məxsusdur.
Əmlak müsadirəsi dalğası təhlükəsizlik ittihamları ilə edam və həbslərin artması ilə paralel davam edir.
"Human Rights Watch" təşkilatı 10 sentyabr tarixli hesabatında bildirmişdi ki, İran İslam Respublikası məhkəmələri ağır hökmlərin çoxunu "məharibə" (Allaha qarşı müharibə), "yer üzündə fitnə-fəsad törətmək" və "düşmən dövlətlərin xeyrinə əməliyyat fəaliyyəti" kimi qeyri-müəyyən ifadələr əsasında verir.