İran hava nəqliyyatı sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etməsi fonunda, "Mahan Air" hava yollarının İstanbul hava limanındakı fəaliyyəti yeni məhdudiyyətlə üzləşib, Gürcüstan isə İran hava yolları şirkətlərinin bu ölkəyə uçuşlarının dayandırıldığını açıqlayıb.
İstanbul hava limanının rəsmiləri "Mahan Air" şirkətinə bildiriblər ki, şirkət sentyabrın sonlarından etibarən bu hava limanında fəaliyyətini davam etdirmək icazəsinə malik olmayacaq.
Eyni zamanda, Gürcüstan açıqlayıb ki, sentyabrın 21-dən (şəmsi təqvimlə 30 şəhrivərdən) İran hava yolları şirkətlərinin bu ölkəyə uçuşları dayandırılacaq. Məlumatlara görə, bu qərarın ardınca Tbilisi və Batumi istiqamətləri üçün bilet satışı sentyabrın 20-dən (29 şəhrivərdən) dayandırılıb, bu istiqamətlərə olan turlar da ləğv edilir.
Gürcüstanın Mülki Aviasiya Agentliyi sentyabrın 10-da (19 şəhrivərdə) açıqlamışdı ki, ölkə aviasiya sahəsində beynəlxalq sanksiyaları icra edəcək. Bu qərar ABŞ Xəzinədarlıq Nazirliyinin Ata, Asəman, İran Airtur, Zaqros, Qeşm Air, Kiş Air və Taban da daxil olmaqla 27 İran hava yolları şirkətinə qarşı sanksiya tətbiq etməsindən sonra elan edilib.