ArazNews
Ana Səhifə / İran / Kiber təzyiqlərin əks-sədası; Şaparəkin təhlükəsizlik sertifikatı ləğv edilib
İran

Kiber təzyiqlərin əks-sədası; Şaparəkin təhlükəsizlik sertifikatı ləğv edilib

Kiber təzyiqlərin əks-sədası; Şaparəkin təhlükəsizlik sertifikatı ləğv edilib

İran İslam Respublikasının Mərkəzi Bankı bildirib ki, xarici təchizatçılardan biri "Şaparək" şirkətinin texniki və təhlükəsizlik sertifikatını əvvəlcədən xəbərdarlıq etmədən ləğv edib. Bu addım internet ödəniş xidmətlərinə və portallarına təhlükəsiz girişdə problemlər yarada bilərdi.

Mərkəzi Bank bu addımı "ABŞ-ın hərbi və kiber sahələrdə düşmənçilik xarakterli tədbirlərinin" davamı kimi qiymətləndirib və iddia edib ki, SSL adlanan bu sertifikatın ləğv edilməsində məqsəd internet ödəniş portallarının fəaliyyətində nasazlıq yaratmaq olub. Sertifikatı vermiş xarici şirkətin adı açıqlamada qeyd edilməyib.

Bununla belə, Mərkəzi Bank vurğulayıb ki, Şaparəkə və ya İranın ödəniş şəbəkəsinin infrastrukturuna heç bir kiberhücum baş verməyib və alternativ texniki həllərdən istifadə edilməklə ödəniş xidmətləri fasiləsiz davam etdirilib.

Bu, son aylarda İranın maliyyə və bank sektorunun kiber təzyiqlər və çoxsaylı xarici məhdudiyyətlərlə üzləşdiyi bir şəraitdə baş verir. Bu hadisələr İranın rəqəmsal infrastrukturunun bir hissəsinin xarici təchizatçılardan asılılığını bir daha önə çıxarıb.