İİR Daxili İşlər naziri siyasi məsələlər üzrə müavini bildirib ki, Əli Xameneyinin dövründə iffət və hicab qanunu ilə bağlı qəbul edilən son qərar dəyişməz qalıb və prezident də həmin qərarı təsdiqləyib. O deyib ki, Daxili İşlər Nazirliyinin bu sahədə gördüyü tədbirlərin böyük hissəsi barədə "məlumat yaymaq düzgün deyil".
"Ailənin iffət və hicab mədəniyyətinin təbliği yolu ilə qorunması haqqında" qanun 2024-cü ilin dekabr ayında parlament tərəfindən qəbul edildikdən və Konstitusiyanı Qoruyucular Şurası tərəfindən təsdiqləndikdən sonra Ali Milli Təhlükəsizlik Şurasının göstərişi ilə və geniş etirazların ardından dayandırılmışdı. Bununla belə, məhkəmə təqibləri, küçələrdə xəbərdarlıqlar, SMS göndərilməsi və kafelərin bağlanması davam edir. "Həmmihən" qəzetinin məlumatına görə, Tehranda Sənayi və İranşəhr küçələrindən Nofel-Loşato bölgəsinədək ən azı iyirmi kafe və restoran bağlanıb.
Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran, hicabsız qadınlara küçələrdə və kafelərdə fərqli yanaşma göstərilməsi ilə bağlı deyib ki, əgər kafelər qanunu pozursa, "istər müharibə olsun, istər olmasın", onların qarşısı alınmalıdır.