İraq hökuməti Babil vilayətində üç nəfərdən ibarət bir hücrənin saxlanıldığını açıqlayıb. Təhlükəsizlik mənbələrinin sözlərinə görə, bu şəxslər əməliyyat həyata keçirməyə hazırlaşırmış və onların ixtiyarında silah və pilotsuz uçuş aparatı (dron) olub.
Əl-Ərəbiyyə telekanalının istinad etdiyi mənbələrin bildirdiyinə görə, bu hücrənin üzvləri İraqdan kənarda hücumlar həyata keçirmək niyyətində olublar və dron hücumlarının idarə olunması ilə məşğul olan İran məmurları ilə birbaşa əlaqədə olublar. İraq rəsmiləri həmçinin bu qrupun silahlarının və dronlarının müsadirə edildiyini bildiriblər.
Bu saxlama, Bağdadın İranla bağlı silahlı qrupları cilovlamaq üçün getdikcə artan təzyiq altında olduğu bir şəraitdə baş verib. İraq hökuməti vurğulayıb ki, ölkə ərazisinin qonşu dövlətlərə hücum üçün platformaya çevrilməsinə yol verilməyəcək.