Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Caparov cümə günü, avqustun 9-da rəsmi mərasimdə iki ölkə arasında «Müttəfiqlik münasibətləri müqaviləsi»ni imzaladı.
Caliber-ə istinadən bildirilir ki, iki ölkənin prezidentləri həmçinin Azərbaycan-Qırğızıstan Hökumətlərarası Şurasının üçüncü iclasının qərarını imzaladı. Mərasimdə avtomobil nəqliyyatı, kibertəhlükəsizlik, statistika, yük daşımacılığı, gəmiçilik, gəmiqayırma və neft məhsullarının təchizatı sahələrini əhatə edən müqavilələr və anlaşma memorandumları mübadiləsi həyata keçirildi.
Tərəflər həmçinin 2026-2028-ci illər üçün enerji əməkdaşlığına dair yol xəritəsini və 2024-2029-cu illər üçün ikitərəfli əməkdaşlığın icra proqramını təsdiqlədi. Azərbaycan Mərkəzi Bankı ilə Qırğızıstanın Maliyyə Bazarlarını Tənzimləmə və Nəzarət Xidməti isə maliyyə əməkdaşlığının genişləndirilməsinə dair anlaşma memorandumu imzaladı.