Stanford Tibb Məktəbinin tədqiqatçıları BRP adlı təbii bir molekul kəşf ediblər. Həmin molekul Ozempic dərmanına oxşar şəkildə iştahanı azaldır və bədən çəkisini aşağı salır, lakin bu dərmanın məlum yan təsirlərini daşımır.
"Nature" jurnalında dərc edilən tədqiqata əsasən, BRP semaqlutiddən (Ozempicin aktiv maddəsi) fərqli olaraq yalnız beyinin hipotalamus hissəsinə təsir göstərir, həzm sisteminə və mədəaltı vəzə toxunmur. Məhz bu səbəbdən heyvanlar üzərində aparılan sınaqlar zamanı ürək bulanması, qəbizlik və əzələ kütləsinin kəskin azalması müşahidə edilməyib.
Stanford komandası "Peptide Predictor" adlı alqoritm hazırlayaraq 20 000 insan geni arasında axtarış apardı və nəticədə sinir hüceyrələrinin fəaliyyətini 10 dəfə artıran 12 amin turşusundan ibarət bir peptidə gəlib çıxdı. BRP-nin siçanlara və kiçik donuzlara yeridilməsi qida istehlakını 50 faizədək azaltdı; piylənmiş siçanlarda isə 14 gün ərzində bədən yağının azalmasına səbəb oldu.
Tədqiqatın rəhbəri Ketrin Svenson bu molekulun insanlar üzərində klinik sınaqlarını başlatmaq üçün şirkət təsis edib.