Türkiyə Prezidentliyinin Kommunikasiya Mərkəzi ABŞ prezidenti Donald Trampın 7 iyul tarixində rəsmi səfər çərçivəsində Türkiyəyə gələcəyini açıqlayıb.
Türkiyə Prezidentliyinin Kommunikasiya Mərkəzinin rəhbəri Burhanəddin Duran X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Ərdoğan və Tramp Ankarada ikitərəfli münasibətlər, strateji əməkdaşlıq və regional məsələlər barədə müzakirələr aparacaq.
Duranın sözlərinə görə, iki ölkənin liderləri arasındakı görüşdə NATO müttəfiqləri və strateji tərəfdaşlar olan Türkiyə ilə ABŞ arasındakı münasibətlər müdafiə əməkdaşlığı, ticarət və investisiya da daxil olmaqla müxtəlif sahələr üzrə nəzərdən keçiriləcək. Həmçinin tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını qiymətləndirəcək.
Eyni zamanda Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçiriləcək NATO sammitindən əvvəl New York Times qəzetinə verdiyi müsahibədə Ərdoğan və Tramp arasındakı şəxsi münasibətlərin bu ittifaqın üzvləri arasındakı fikir ayrılıqlarının azaldılmasındakı roludna toxunub.
Fidan bildirib ki, Ankara NATO sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri arasındakı yaxın münasibətlərdən ittifaq daxilindəki fikir ayrılıqlarının həllinə kömək etmək üçün istifadə edəcək.
Türkiyənin xarici işlər naziri həmçinin deyib ki, Ərdoğan ilə Tramp arasındakı münasibət etibar və dostluq üzərində qurulub, Ankara isə bu münasibətlərdən NATO-nun bütün üzvlərinin mənafeyi naminə yararlanmağa ümid edir.