ArazNews
Ana Səhifə / Dünya / Ərdoğan: Türkiyənin arzusu Türk dünyasının birliyi ilə "Türk əsri" qurmaqdır
Dünya

Ərdoğan: Türkiyənin arzusu Türk dünyasının birliyi ilə "Türk əsri" qurmaqdır

Ərdoğan: Türkiyənin arzusu Türk dünyasının birliyi ilə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən "Türk dünyası həftəsi"nin açılış mərasiminə göndərdiyi təbrik mesajında türk dövlətlərinin inteqrasiyasının əhəmiyyətini vurğulayıb və bildirib ki, Türkiyənin ən səmimi arzusu bundan ibarətdir ki, türk dünyası ortaq tarix, dil və mədəniyyətini qorusun, köklü irsine istinad edərək "Türk əsri"ni inşa etsin.

Ərdoğanın mesajı Bakı türkologiya konqresinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində oxunub. Mesajı Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı səsləndirib. O, tədbirə uğurlar arzulayaraq ümidini ifadə edib ki, bu proqram türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Türkiyə Prezidenti Bakıda keçirilmiş birinci Türkoloji Konqresin tarixi roluna işarə edərək qeyd edib ki, türk dünyasının ziyalıları bir əsr öncə ortaq tarixi və mədəni kimliyi gücləndirmək məqsədilə bir araya gəlmiblər, bu günün isə məsuliyyəti həmin irsi gələcək nəsillərə çatdırmaqdır.

Ərdoğan həmçinin İsmail Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarını xatırladaraq vurğulayıb ki, Türkiyə Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələr arasında inteqrasiyanı dərinləşdirmək üçün əməkdaşlığını genişləndirmişdir.

O, sözünün sonunda bəyan edib ki, Türkiyə bu payız Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti sammitini — dövrü sədrliyin Azərbaycan Respublikasından Türkiyəyə keçəcəyi bu toplantını — inteqrasiya yolunda və "Türk əsri" hədəfinin həyata keçirilməsində dönüm nöqtəsinə çevirməyə çalışacaq.