Neft qiymətləri Trampın İran açıqlamasından sonra yüksəldi
Donald Trampın İranla bağlı son açıqlamalarından sonra neftin dünya bazarındakı qiyməti 1 faizdən çox artıb. Hörmüz boğazında vəziyyət və gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir.
Araz News-in Reuters-ə istinadən verdiyi məlumata görə, Brent markalı neft 1,25 faiz artaraq bir barel üçün 107 dolları keçib, ABŞ xam nefti isə 1,31 faiz yüksələrək təxminən 102 dollara çatıb. Son bir həftədə də İran böhranı və kövrək atəşkəslə bağlı qeyri-müəyyənlik səbəbindən qiymətlər yüksəliş trendində olub.
Tramp Fox News-a müsahibəsində “Artıq çox səbirli olmayacağam. İran razılaşmalıdır” deyib. Bu açıqlama danışıqların hələ də çıxılmaz vəziyyətdə qaldığı bir vaxtda səslənib.
Reuters yazır ki, regional gərginlik, Hörmüz boğazındakı vəziyyət və neft tədarükünə dair məhdudiyyət qorxuları qlobal enerji bazarında qiymət artımının əsas səbəbi olaraq qalır.