İran XİN-i: Tehranın cavabı səxavətli və balanslı idi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Donald Trumpın Tehranın cavabını rədd etməsinə reaksiya verərək bildirib ki, İranın təqdim etdiyi təklif “İranın qanuni hüquqlarına əsaslanan səxavətli təklif” olub.
ArazNews-un məlumatına görə, Bəqayi deyib: “Təqdim etdiyimiz mətndə yalnız İranın qanuni hüquqları yer alıb. Təklif olunan hər şey məntiqli, balanslı və səxavətli idi.”
O əlavə edib ki, İranın cavabı təkcə ölkənin milli maraqlarına deyil, həm də bölgə və dünya üçün faydalı yanaşmaya əsaslanıb.
İran XİN sözçüsü Vaşinqtonu da tənqid edərək bildirib ki, ABŞ tərəfi hələ də Tehran tərəfindən “məntiqsiz” hesab olunan tələblərdə israr edir.
Bəqayi çıxışının davamında İranın son illərdə “məsuliyyətli regional güc” olduğunu iddia edib və əlavə edib: “Biz zorba deyilik, zorbalığa qarşıyıq.”