İnsan haqları təşkilatı: İran rejimi qorxu yaratmaq üçün edamlardan istifadə edir
İnsan Haqları Təşkilatı BMT-yə üzv ölkələri İranda edam dalğasının dayandırılması üçün İran rejiminə qarşı koordinasiyalı təzyiq göstərməyə çağırıb.
ArazNews-un verdiyi məlumata görə, İnsan Haqları Təşkilatı son təxminən bir ay yarım ərzində İranda azı 28 nəfərin “siyasi ittihamlarla” edam edildiyini açıqlayıb.
Təşkilatın araşdırmaçısı Bəhar Səba X platformasında yayımlanan videoda bildirib ki, bu şəxslər ilkin hüquqların təmin olunmadığı məhkəmələrdə mühakimə olunub və etiraflar təzyiq və işgəncə altında alınıb.
O vurğulayıb ki, İran rejimi edam cəzasından cəmiyyətdə qorxu yaratmaq üçün bir vasitə kimi istifadə edir.
İnsan Haqları Təşkilatı BMT üzvlərini ortaq və koordinasiyalı addımlarla İran hökumətinə edam hökmlərinin dayandırılması üçün təzyiq göstərməyə çağırıb.