ArazNews
Ana Səhifə / Xəbər / ABŞ və İran arasında ilkin anlaşma ehtimalı neft qiymətlərini endirdi, dünya birjalarını yüksəltdi
Xəbər

ABŞ və İran arasında ilkin anlaşma ehtimalı neft qiymətlərini endirdi, dünya birjalarını yüksəltdi

 ABŞ və İran arasında ilkin anlaşma ehtimalı neft qiymətlərini endirdi, dünya birjalarını yüksəltdi


ABŞ və İranın ilkin razılaşmaya yaxınlaşdığı barədə xəbərlərdən sonra dünya bazarlarında neft qiymətləri düşüb, səhm bazarları isə yüksəlişə keçib.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Vaşinqton və Tehran arasında Körfəz bölgəsində müharibənin sona çatdırılması ilə bağlı anlaşmaya yaxınlaşılması xəbərləri investorların bazarlara münasibətini dəyişdirib.


Axios-un məlumatına əsasən, ABŞ və İran Hörmüz boğazının yenidən açılmasını da ehtiva edən bir səhifəlik memorandum üzrə razılaşmaya yaxınlaşıb. Bildirilir ki, Vaşinqton yaxın 48 saat ərzində Tehran tərəfinin əsas maddələrlə bağlı cavabını gözləyir.


Eyni zamanda Donald Tramp ABŞ-ın Körfəzdə dəniz yollarının açılması üçün başladığı əməliyyatların müvəqqəti dayandırılacağını açıqlayıb. Bu qərar “Azadlıq Layihəsi” adlanan əməliyyatın başlamasından cəmi bir neçə gün sonra verilib.


Bu proseslərin fonunda Brent markalı neftin qiyməti bir barel üçün təxminən 100 dollara qədər geriləyib, qlobal fond bazarlarında isə ciddi artım qeydə alınıb. MSCI qlobal indeksi yeni tarixi rekord müəyyən edib, ABŞ, Avropa və Asiya bazarları yüksəliş göstərib.


Asiyada Cənubi Koreya birja indeksi ilk dəfə 7 min bənd həddini keçib, texnologiya və yarımkeçirici şirkətlərin səhmlərində ciddi artım müşahidə olunub.


Reuters qeyd edib ki, Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlər və süni intellekt sahəsinə yatırımların artması bazarlardakı son yüksəlişin əsas səbəbləri arasındadır.