Yaxın Şərqdə təchizatın pozulması fonunda ABŞ-ın neft və qaz ixracı tarixi maksimuma çatıb və onlarla neft tankeri bu ölkəyə doğru yönəlib.
Hürmüz boğazının bağlanması və enerji bazarlarında yaranan pozuntularla eyni vaxtda ABŞ ixracı kəskin artıraraq qlobal bazardakı mövqeyini gücləndirib.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ötən həftə xam neft və neft məhsulları ixracı gündəlik 12,9 milyon barelə çataraq rekord səviyyəyə yüksəlib. Mayeləşdirilmiş təbii qaz (LNG) ixracı da ən yüksək səviyyəsinə çıxıb.
“Kpler” şirkətinin məlumatları göstərir ki, 60-dan çox iri neft tankeri boş vəziyyətdə ABŞ sahillərinə doğru hərəkət edir. Bu rəqəm müharibədən əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə çoxdur və yaxın aylarda ixracın daha da artacağını göstərir.
“Wall Street Journal”ın məlumatına görə, Asiya və Avropa ölkələri enerji təminatı üçün ABŞ mənbələrinə yönəlir. Yaponiya da Vaşinqtonla enerji əməkdaşlığını genişləndirməyə çalışır.
Avropada bərpa olunan enerjiyə keçid səylərinə baxmayaraq, qısa müddətdə ABŞ enerjisindən asılılıq artıb və hazırda qitənin LNG tələbatının təxminən 60 faizi ABŞ tərəfindən qarşılanır.
Analitiklər hesab edir ki, Hürmüz boğazının yenidən açılması və gərginliyin azalması halında ABŞ enerjisinin qlobal bazardakı cazibəsi zəifləyə bilər.