Vaşinqton “Kətaib Seyyid əl-Şühəda” lideri üçün 10 milyon dollar mükafat elan etdi
Vaşinqton İran tərəfindən dəstəklənən bir iraqlı silahlı qrup lideri barədə məlumat verənlər üçün mükafat elan edib.
ArazNews-un AFP-yə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti “Haşim Fənyan Rəhim əl-Sərraci” kimi tanınan və “Əbu Əla əl-Vəlai” ləqəbi ilə bilinən, “Kətaib Seyyid əl-Şühəda” qrupunun lideri barədə məlumat təqdim edənlər üçün 10 milyon dollara qədər mükafat müəyyən edib.
Bu qrup ABŞ tərəfindən terror təşkilatı kimi tanınır və İraqda mülki şəxslərə, ABŞ-ın diplomatik obyektlərinə, eləcə də İraq və Suriyadakı ABŞ qüvvələrinə qarşı hücumlarda rol oynayıb.
Amerika rəsmiləri bildiriblər ki, bu şəxsin yerləşdiyi yer barədə məlumat verənlər mükafatla yanaşı, təhlükəsiz bir yerə köçürülmək imkanı da əldə edə bilər.
Məlumata görə, “Əbu Əla əl-Vəlai” İraq parlamentində çoxluğa sahib olan şiə “Koordinasiya Çərçivəsi” ittifaqının üzvüdür.