İran rejimi daha bir gənci “Mossadla əməkdaşlıq” ittihamı ilə edam etdi
İran məhkəmə sistemi təhlükəsizlik tədbirləri çərçivəsində daha bir nəfərin edam edildiyini açıqlayıb.
ArazNews-un məlumatına görə, Mizan agentliyinə istinadən, Əmirəli Mircəfəri “Mossadla əməkdaşlıq” və zorakı fəaliyyətlərdə iştirak ittihamı ilə Ali Məhkəmənin təsdiqindən sonra edam edilib.
Rəsmi mediaya əsasən, o, Tehranda bir məscidin yandırılması və iğtişaşlarda iştirakda ittiham olunub və istintaq zamanı ictimai əmlaka ziyan vurmaq və təhlükəsizlik qüvvələrinə hücum kimi bəzi əməlləri etiraf etdiyi bildirilib. Eyni zamanda, ayrı-ayrı işlər üzrə onlarla şəxsin də “düşmənlə əməkdaşlıq” ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.
Bu edam son aylarda İranda təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyi və ağır hökmlərin artdığı barədə xəbərlərin fonunda həyata keçirilib. İnsan haqları qurumları bu cür işlərdə məhkəmə proseslərinin qeyri-şəffaf olduğunu və təqsirləndirilən şəxslərin çox vaxt müstəqil vəkilə çıxış imkanından məhrum edildiyini bildirir.
Tənqidçilər həmçinin televiziya etirafları və etirafların təzyiq və işgəncə altında alındığı iddialarına diqqət çəkərək, bu halların insan haqları prinsiplərinə zidd olduğunu vurğulayır.