İsrail hesabatı: “İranın raket buraxılış qurğularının 60%-dən çoxu sıradan çıxıb”
İsrail mediası İranın raket buraxılış sistemlərinə qarşı genişmiqyaslı “sistematik ov” əməliyyatının həyata keçirildiyini və bu potensialın əhəmiyyətli hissəsinin məhv edildiyini iddia edir.
ArazNews-un Walla News-a istinadən verdiyi məlumata görə, təxminən 470 raket buraxılış qurğusundan 180-dən azı hələ də fəaliyyət göstərir, qalanları isə ya tam məhv edilib, ya da hava hücumları nəticəsində zədələnib. Hesabatda bildirilir ki, İranın bu qurğuları gizlətmək üçün istifadə etdiyi yeraltı tunel şəbəkəsi müəyyən çətinliklər yaratsa da, davamlı hücumlar bu infrastrukturu zədələyib və ya istifadəsiz hala salıb.
Məlumata əsasən, texniki itkilərlə yanaşı, əməliyyat qüvvələri daxilində də problemlərin əlamətləri müşahidə olunur; o cümlədən koordinasiyanın zəifləməsi və bəzi hallarda atəş qrupları arasında “əmr yerinə yetirməkdən imtina” halları qeyd edilir.
Eyni zamanda qeyd olunur ki, İranın raket hücumlarının artması ehtimal olunan atəşkəs və danışıqlar ərəfəsində təzyiq yaratmaq məqsədi daşıyır.