Ərəb-İslam koalisiyası İranın hücumlarını pislədi və Hörmüzlə bağlı xəbərdarlıq etdi
Bir sıra ərəb və İslam ölkələrinin xarici işlər nazirləri Riyadda keçirilən toplantıda İranın region ölkələrinə, o cümlədən Körfəz Əməkdaşlıq Şurası ölkələrinə, İordaniyaya, Azərbaycan Respublikasına və Türkiyəyə qarşı hücumlarını kəskin şəkildə pisləyib.
ArazNews-un məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinə istinadən yayılan birgə bəyanatda Qətər, Azərbaycan Respublikası, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan və BƏƏ daxil olmaqla bir sıra ölkələr bu hücumların “heç bir əsasının olmadığını” bildirib və İranı dərhal bu addımları dayandırmağa, beynəlxalq hüquqa və qarışmama prinsipinə əməl etməyə çağırıb.
Bəyanatda həmçinin İran rejiminin region ölkələrində proksi qrupları dəstəkləməsi, maliyyələşdirməsi və silahlandırması ilə bağlı narahatlıq ifadə olunub və vurğulanıb ki, Tehran Körfəz və Bab əl-Məndəb bölgəsində gəmiçiliyin təhlükəsizliyini təhdid etməməlidir.
Nazirlər eyni zamanda ölkələrin BMT Nizamnaməsinə uyğun olaraq özünü müdafiə etmək hüququnu bir daha təsdiqləyiblər.