İran rejimi Od çərşənbəsi ilə bağlı “qarışıqlıq planının qarşısının alındığını” iddia etdi və 97 nəfəri saxladı
İranın Kəşfiyyat Nazirliyi 97 nəfərin “ABŞ-sionist düşmənlə əməkdaşlıq” ittihamı ilə saxlanıldığını və bir nəfərin “məhv edildiyini” iddia edib.
ArazNews-un məlumatına görə, nazirliyin açıqlamasında bildirilir ki, bu şəxslər Od çərşənbəsi zamanı “qarışıqlıq və süni itkilər yaratmaq” planlaşdırıb və silah-sursatla birlikdə aşkarlanaraq saxlanılıb.
Məlumatda həmçinin Xuzistan vilayətində beş “silahlı muzdlu qrupun” zərərsizləşdirildiyi, 10 ədəd əl istehsalı partlayıcı, iki ədəd Kalaşnikov və müxtəlif sursatların ələ keçirildiyi qeyd olunub. Eyni zamanda ölkənin cənub-şərqində 13 nəfərin casusluq ittihamı ilə saxlanıldığı və “Cəmuk” ləqəbli Nəmatullah Şəhbəxşla bağlı olduğu iddia edilən bir qrupun zərərsizləşdirildiyi bildirilib.
Nazirlik bu addımları “düşmən elementlərinə qarşı əməliyyatlar” kimi təqdim etsə də, bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.