BMT: Müharibə fonunda İranda insan haqları vəziyyəti təhlükəli şəkildə pisləşir
ArazNews-un məlumatına görə, BMT İnsan Haqları Şurasının müstəqil faktaraşdırıcı heyəti yayımladığı yeni hesabatda bildirib ki, müharibə və daxili böhran fonunda İranda insan haqları vəziyyəti təhlükəli şəkildə pisləşməkdədir. Hesabatda qeyd olunur ki, İran mülki əhalisi müharibə, dövlət repressiyası və genişmiqyaslı insan haqları pozuntuları arasında görünməmiş bir vəziyyətlə üz-üzə qalıb.
Hesabatda vurğulanır ki, hərbi qarşıdurmalar və təhlükəsizlik təzyiqlərinin artması ilə yanaşı, İranda bəşəriyyətə qarşı cinayətlərin törədilməsi riski də yüksəlib və dövlət repressiyasının mövcud nümunələri dayanmaq əvəzinə daha da güclənib.
Sənədə görə, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı döyüş silahlarından və saçma mərmilərdən istifadə edib ki, bu da çox sayda etirazçının ölümü və yaralanması ilə nəticələnib. Eyni zamanda genişmiqyaslı internet kəsintiləri repressiyanı gizlətmək və insanların məlumat əldə etməsini məhdudlaşdırmaq vasitəsi kimi qiymətləndirilib.
Faktaraşdırıcı heyət həmçinin dini azlıqlara, o cümlədən bəhai icmasına təzyiqlərin artdığını, edamların genişləndiyini, kütləvi həbslərin davam etdiyini və saxlanılan şəxslərin işgəncə və məcburi yoxa çıxma riski ilə üzləşdiyini bildirib.
Hesabatın başqa bir hissəsində qadın və qızlara qarşı hicab qaydaları ilə bağlı təzyiqlərdən bəhs edilir və qeyd olunur ki, məcburi hicab qaydalarına əməl etmədiklərinə görə bir çox qadın təqib, həbs və zorakılıqla üzləşir.
Sənəddə həmçinin transsərhəd repressiyanın genişləndiyi vurğulanır və bildirilir ki, İran hakimiyyəti xaricdə yaşayan tənqidçilərə və müxalif şəxslərə təzyiq göstərmək üçün
onların ailə üzvlərini hədələmək, saxlanılmaq və ya digər təzyiq üsullarından istifadə edir.