Ərdoğan İran tərəfindən Türkiyə hava məkanına doğru raket atılmasına reaksiya verərək bildirib: “Səhvdə israr edilməməlidir və Türkiyənin gərginliyin qarşısını almaq üçün göstərdiyi səylər tam şəkildə ortadadır.”
Araz News-un məlumatına görə, Ərdoğan İranı xəbərdar edərək vurğulayıb ki, Tehranın son addımları iki ölkə arasında min illik dostluq və qonşuluq münasibətlərinə təsir göstərə bilər. O, bu hadisəyə cavab olaraq əlavə tədbirlərin görüləcəyini də bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə regional təhlükələrə qarşı tədbir olaraq Şimali Kipr Türk Cümhuriyyətinə 6 ədəd F-16 qırıcı və hava hücumundan müdafiə sistemləri göndərib və bölgədəki qardaş ölkələrlə tam həmrəylik içindədir.
Türkiyə prezidenti həmçinin qeyd edib ki, Türkiyə qüvvələri regiondakı terror qruplarını daim izləyir və lazım olan anda lazımi cavab veriləcək.
Bu açıqlama son regional hadisələrdən sonra Tehran ilə Ankara arasındakı münasibətlərin daha həssas mərhələyə daxil olduğu bir vaxtda səsləndirilib.