Tramp: İran rejimi ya təslim olacaq, ya da tamamilə çökəcək

10 saat əvvəl 1 dəq oxu
 Tramp: İran rejimi ya təslim olacaq, ya da tamamilə çökəcək


ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yayımladığı mesajda bildirib ki, ABŞ ordusu İranda hərbi hədəflərin siyahısını genişləndirməyi nəzərdən keçirir. Onun sözlərinə görə, bu hədəflər indiyədək hücum siyahısında olmayıb, lakin indi “tam məhv və qəti zərbə” üçün ciddi şəkildə qiymətləndirilir.

Tramp bu qərarın səbəbi kimi “İranın pis davranışını” göstərib, lakin əlavə izahat verməyib. O həmçinin iddia edib ki, İran artıq “Yaxın Şərqin zorbası” deyil və indi “Yaxın Şərqin uduzan ölkəsinə” çevrilib.


Tramp mesajında yazıb: “İran artıq Yaxın Şərqin zorbası deyil; indi Yaxın Şərqin uduzanıdır və uzun illər belə qalacaq, ya təslim olana qədər, ya da daha ehtimal olunanı — tam şəkildə çökməyənədək.”


Bu açıqlama İran prezidenti və Müvəqqəti Rəhbərlik Şurasının üzvü Məsud Pezeşkianın bir neçə saat əvvəl yayımladığı videomüraciətdən sonra verilib. Pezeşkian həmin müraciətdə Trampın İranın “şərtsiz təslim olması” çağırışını rədd etmişdi.


Tramp həmçinin iddia edib ki, İran regiondakı qonşularından üzr istəyib və bundan sonra onlara qarşı hücum etməyəcəyinə söz verib.