Babək Çələbiyanlı: Güney Azərbaycan xalqının öz gələcəyini müdafiə etmək haqqı var

5 saat əvvəl 2 dəq oxu
Babək Çələbiyanlı: Güney Azərbaycan xalqının öz gələcəyini müdafiə etmək haqqı var


Güney Azərbaycan milli fəalı və Azərbaycan Milli Dirəniş Təşkilatı “Dirəniş”in keçmiş sözçüsü Babək Çələbiyanlı Oxu.Az saytına verdiyi müsahibədə bildirib ki, müharibənin davam etməsi və İran İslam Respublikasının hərbi və təhlükəsizlik strukturlarının son günlər zəifləməsi fonunda Güney Azərbaycanın siyasi və vətəndaş qüvvələri mümkün gələcək ssenariləri diqqətlə nəzərdən keçirirlər.


O, Naxçıvan Beynəlxalq Hava Limanına və bəzi mülki infrastrukturlara pilotsuz aparat hücumuna toxunaraq deyib ki, bu hadisələr İran hakimiyyətinin böhranı idarə etmək qabiliyyətini itirdiyini və regionu daha təhlükəli gərginlik mərhələsinə sürüklədiyini göstərir. Onun sözlərinə görə, belə bir vəziyyətdə Güney Azərbaycan xalqının öz gələcəyini qorumağa hazırlaşmaq haqqı var.

ArazNews-un məlumatına görə, Çələbiyanlı vurğulayıb ki, əgər mövcud proses davam edərsə və İranda hakimiyyət strukturları ciddi şəkildə zəifləyər və ya çökməyə doğru gedərsə, Güney Azərbaycan xalqı öz bölgələrinin siyasi və təhlükəsizlik taleyini öz əlinə almağa hazır olmalıdır. O bildirib ki, əsas məqsəd yalnız etiraz deyil, həm də insanların həyatını qorumaq, xaosun qarşısını almaq, şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək və regionun həyati infrastrukturlarını qorumaqdır. Onun sözlərinə görə, Güney Azərbaycanın siyasi və ictimai qüvvələri müxtəlif ssenarilərə hazırlaşmağa çalışırlar ki, mümkün hakimiyyət boşluğu yaranacağı halda bölgələrin təhlükəsizliyi və idarə olunması təmin edilsin və insanların hüquqları müdafiə olunsun.


Bu milli fəal həmçinin beynəlxalq ictimaiyyəti, xüsusilə Azərbaycan Respublikası və Türkiyəni Güney Azərbaycanın vəziyyətinə daha həssas yanaşmağa çağırıb və siyasi, humanitar və diplomatik sahələrdə bölgə xalqının hüquqlarını dəstəkləməyə səsləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin “müstəqil Azərbaycan İranda yaşayan azərbaycanlılar üçün ümid mənbəyidir” sözlərinə istinad edərək bildirib ki, Araz çayının iki tərəfində yaşayan azərbaycanlılar arasında dərin tarixi və mədəni bağlar mövcuddur və Güney Azərbaycan xalqının məqsədi müharibə və qarışıqlıq deyil, azadlıq, insan ləyaqəti, bərabər hüquqlar və öz iradəsi ilə müəyyən olunan bir gələcəkdir.