Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı
İqtisadi təzyiqlərin artdığı, nəzarətsiz bahalaşmanın, genişmiqyaslı ticarət durğunluğunun və uğursuz iqtisadi siyasətlərin milyonlarla vətəndaşın həyatını böhran həddinə çatdırdığı bir şəraitdə, Güney Azərbaycanın vətəndaşları hər zamankından daha çox bu ağır və yıpradıcı durumun altında qalmışdır. İranın iflic olmuş iqtisadiyyatı insanların gündəlik dolanışığını ciddi şəkildə təhdid edir və cəmiyyətin geniş təbəqələrinin normal fəaliyyət imkanlarını əlindən almışdır.
Güney Azərbaycanın bazar əhli isə — həmişə yerli iqtisadiyyatın onurğa sütunu və cəmiyyətin dayağı olmuş bu təbəqə — bu struktur böhranının ilk qurbanlarından biridir. Bu vəziyyətin davam etməsi təkcə onların dolanışıq və iş təhlükəsizliyini aradan qaldırmayıb, eyni zamanda bölgənin iqtisadi və sosial gələcəyini də ciddi təhlükə ilə üz-üzə qoymuşdur.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası, dinc və mülki etiraz haqqının fundamental bir insan haqqı olduğunu vurğulayaraq, Güney Azərbaycanın bütün heysiyyətli və zəhmətkeş peşə sahiblərinin qanuni tətil və etirazlarını dəstəklədiyini və onların haqlı tələbləri ilə tam həmrəy olduğunu bəyan edir.
Bu çərçivədə, Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bütün Güney Azərbaycan vətəndaşlarını tətil aksiyalarının yanında, milli simvollar, şüarlar və Milli Hərəkatın tanınan nişanələrindən istifadə etməklə, dinc və kütləvi şəkildə öz mülki etiraz səslərini ucaldamağa şüurlu və məsuliyyətli şəkildə qatılmağa çağırır.
Bu məqsədlə, bütün xalqımızdan xahiş olunur ki, 1404-cü ilin dey ayının 20-si, şənbə günü, saat 16:30-da, Güney Azərbaycanın şəhərlərinin (xüsusilə Təbriz, Urmu, Ərdəbil, Zəncan, Həmədan, Kərəc və digər şəhərlərin) əsas meydan və küçələrində keçiriləcək bu mülki etiraz aksiyalarında fəal iştirak etsinlər.
Vətənimiz yaxın günlərdə həlledici və taleyüklü günlərin şahidi olacaqdır. Bu səbəbdən Azərbaycan Türk millətindəm tələb olunur ki, hər zaman və hər məkanda ayıqlıq və meydanlarda varlıqları ilə, xalqın haqlı etirazlarının mərkəzləşdirici və totalitar qüvvələr tərəfindən mənimsənilməsinə imkan verməsinlər.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bir daha vurğulayır ki, Güney Azərbaycanın xalqı və bazar əhlinin dinc və mülki etirazları qanuni və inkarolunmaz bir haqqdır və bu haqqı müdafiə etmək bizim ictimai və siyasi məsuliyyətimizin ayrılmaz bir hissəsidir.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası