SEPAH “Milli internet”in inkişafına birbaşa daxil oldu; azad internetə çıxışın məhdudlaşdırılması vurğulandı

2 saat əvvəl 2 dəq oxu
SEPAH “Milli internet”in inkişafına birbaşa daxil oldu; azad internetə çıxışın məhdudlaşdırılması vurğulandı


ArazNews-un məlumatına görə, yayımlanan görüntüdə “Sepahın milli internetin inkişafına birbaşa daxil olması və azad internetə çıxışın məhdudlaşdırılması” başlığı önə çıxarılıb.

Məlumata əsasən, SEPAH Kəşfiyyat Təşkilatının rəhbəri Məcid Xadəmi, mətninin Əli Xamenei-nin rəsmi saytında dərc olunduğu çıxışında “internet üzərində düzgün hakimiyyət” və “Milli Məlumat Şəbəkəsinin” tamamlanmasının sürətləndirilməsinin vurğulandığını bildirib.


Xadəmi deyib ki, dekabr etirazlarından əvvəl Xamenei ilə görüşündə “böhran və üsyan ehtimalı” barədə xəbərdarlıq edib və “virtual məkanda idarəetmə zəifliyini” etirazçıların ən mühüm aləti adlandırıb. Onun sözlərinə görə, Xamenei həmin görüşdə “nüfuz” məsələsinə diqqət çəkib, virtual məkanın rolunu bu sahədə “əhəmiyyətli” sayıb və orada “düzgün hakimiyyətin” tətbiqini istəyib.


SEPAH kəşfiyyatının rəhbəri etirazlardan sonra yenidən İran rəhbəri ilə görüşdüyünü və Xamenei-nin altı istiqamət üzrə təhlükəsizlik məsələlərinin izlənməsini tapşırdığını bildirib. Bu istiqamətlərdən biri də “internet üzərində düzgün hakimiyyətin unudulmaması” olub.


Xadəmi əlavə edib ki, etirazlar zamanı sosial şəbəkələr “düşmənin ixtiyarında” olub və “ölkə daxilində məlumat idarəçiliyindəki zəiflik səbəbilə” “təhlükəsizliyə qarşı silaha” çevrilib. O, SEPAH kəşfiyyatının “düşmənin planlarının qarşısını almaq” üçün altı gündəm istiqamətindən danışıb.


Onun sözlərinə görə, birinci istiqamət “Milli Məlumat Şəbəkəsi layihəsinin tamamlanmasına yardımın davam etdirilməsi”dir. Rəsmi dairələr bu layihəni ölkə daxilində internet trafikinin və xidmətlərinin idarəsi üçün müstəqil infrastruktur kimi təqdim edir, tənqidçilər isə bunu qlobal internetə azad çıxışın məhdudlaşdırılması istiqamətində addım hesab edirlər.


İkinci istiqamət isə “daxili etirazçıların xarici şəbəkə rəhbərləri ilə kommunikasiya infrastrukturuna nüfuz və izləmə” kimi təqdim olunub; bu ifadənin ölkə daxilində fəalların xaricdəki media və qruplarla onlayn əlaqələrinin izlənməsinə işarə etdiyi bildirilir.