İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, Ordu Hava Qüvvələrinin komandir və heyəti qarşısında çıxış edərək, regiondakı son hadisələrə toxunub və İranın "ABŞ ilə uzunmüddətli müharibə üçün lazımi hazırlığa" malik olduğunu bəyan edib.
Araz News-un məlumatına görə, o, İslam Respublikası rəsmilərinin regional müharibə ilə bağlı son hədə-qorxu dolu mövqelərini təkrarlayaraq deyib: "Biz regional müharibəyə başlamaqda maraqlı deyilik; hərçənd belə bir müharibənin atəşi təcavüzkarları da bürüyəcək". Musəvi əlavə edib ki, müharibənin baş verməsi regionun tərəqqi və inkişaf prosesini illərlə geri salacaq və bunun fəsadlarına görə məsuliyyət "müharibə alovlandıran ABŞ və İsrailin" üzərinə düşəcək.
Baş Qərargah rəisi həmçinin, İran və İsrail arasındakı 12 günlük müharibə zamanı İran ordusunun Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemlərinin fəaliyyətini "məqbul" qiymətləndirib. Bu iddialar elə bir vaxtda səslənir ki, həmin münaqişə zamanı və ondan sonra İsrailin hava üstünlüyü və İran səması üzərində praktiki hakimiyyəti barədə çoxsaylı hesabatlar və sübutlar yayılmışdı.