Epşteyn sənədləri Ankaranın Əsədə verdiyi "son xəbərdarlıq"dan pərdəni qaldırdı

2 saat əvvəl 2 dəq oxu
Epşteyn sənədləri Ankaranın Əsədə verdiyi "son xəbərdarlıq"dan pərdəni qaldırdı


Ceffri Epşteynin işi üzrə yayımlanan sənədlərə əsasən, Suriya vətəndaş müharibəsi başlamazdan əvvəl Türkiyə Dəməşq hökumətini islahatlar aparmağa sövq etmək üçün intensiv diplomatik səylər göstərib.

Araz News-un "Middle East Eye" nəşrinə istinadən verdiyi məlumata görə, Epşteynin sənədləri arasında tapılan BMT-nin "tamamilə məxfi" sənədində Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu ilə BMT-nin o zamankı baş katibi Pan Gi Mun arasında 2011-ci ildə baş tutmuş telefon danışığının protokolu yer alır; bu söhbət Suriya böhranının gərgin vaxtında baş verib.

Sənədə görə, Türkiyə Bəşər Əsədə iki konkret seçim təklif etmişdi: aydın vaxt cədvəli ilə dərhal siyasi islahatlara başlamaq və ya Səddam Hüseyn və Müəmmər Qəddafinin aqibətinə bənzər beynəlxalq təcridlə üzləşmək. Bu çərçivədə Əsəddən tankları Həma şəhərindən çıxarmaq, beynəlxalq müşahidəçilərin və medianın fəaliyyətinə icazə vermək, genişmiqyaslı hüquqi islahatlar aparmaq, həmçinin yeni konstitusiyanın hazırlanması və parlament seçkilərinin keçirilməsi üçün zəmin yaratmaq tələb olunmuşdu. Əsəd müəyyən bir dövrdə bu addımlardan bəzilərini qəbul etsə də, sonradan öz öhdəliklərindən geri çəkildi.

Davamında sənəd göstərir ki, Rəcəb Tayyib Ərdoğan şəxsən Əsədlə əlaqə saxlayaraq "son xəbərdarlığı" ona çatdırıb. Eyni zamanda, ABŞ da daha sərt mövqe hazırlayırdı və Barak Obamanın açıq şəkildə Əsədin istefasını tələb edəcəyi planlaşdırılırdı. Bu səylərin nəticəsiz qalmasından sonra Ankara siyasətini dəyişdi və diplomatik yolu dayandıraraq Suriya müxalifətinə dəstək verməyi və Əsəd hökumətinə qarşı mövqeyini kəskinləşdirməyi gündəliyinə saldı.