New York Times: “İran raket qurğularının böyük hissəsini bərpa edib”

4 saat əvvəl 1 dəq oxu
New York Times: “İran raket qurğularının böyük hissəsini bərpa edib”


"New York Times" qəzetinin peyk görüntülərinin təhlilinə əsaslanan hesabatına görə, İran İsrail ilə 12 günlük müharibə zamanı zərər görmüş ballistik raket proqramı ilə əlaqəli komplekslərinin əhəmiyyətli hissəsini qısa müddətdə təmir və bərpa etməyə nail olub. Bu hesabat göstərir ki, zərər çəkmiş təxminən 12 raket saytının yarıdan çoxunda tikinti, təmir və bərpa işləri artıq başlayıb və ya davam etməkdədir.

"New York Times" yazır ki, İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnən nüvə obyektlərinin bərpa prosesi isə xeyli ləng gedir və yalnız məhdud təmir işləri ilə yekunlaşır. Ekspertlərin fikrincə, İranın Nətənz, İsfahan və Fordodakı üç əsas zənginləşdirmə mərkəzi hazırda qeyri-aktivdir və hücumlar nəticəsində yaranan dağıntılar peyk görüntülərində hələ də aydın şəkildə görünür.

Qəzet raket və nüvə obyektlərinin bərpa sürəti arasındakı bu qeyri-mütənasibliyi Tehranın hərbi və müdafiə potensialına üstünlük verməsinin göstəricisi hesab edir; xüsusilə də bölgədə ABŞ-ın hərbi mövcudluğunun gücləndiyi və ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat ehtimalı barədə dəfələrlə xəbərdarlıq etdiyi bir şəraitdə.