Tanınmış amerikalı analitik: “Azərbaycanlılar Pəhləvi adı altında avtoritar fars şovinizminin qayıtmasından narahatdırlar”
Tanınmış amerikalı analitik, Hadson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran "Washington Post" qəzetində dərc olunan məqaləsində İranın gələcəyi ilə bağlı mümkün ssenariləri və İslam Respublikasından sonrakı keçid dövrünü təhlil edib. Müəllif "İran çoxmillətli bir xalqdır, yoxsa farsların hökmranlığı altında olan bir imperiya?" fundamental sualını ortaya qoyaraq, bu sualın cavabının yalnız gələcək hadisələr gedişində aydınlaşacağını vurğulayıb.
Araz News-un məlumatına görə, Doran İranın vəziyyətini Yuqoslaviya təcrübəsi ilə müqayisə edərək xəbərdarlıq edib ki, siyasi böhran şəraitində uzun müddət basdırılmış etnik kimliklər sürətlə aktivləşə bilər.
Müəllif öz məqaləsində Azərbaycan türklərinin rolunu xüsusilə önə çəkib. O qeyd edir ki, İranda baş verə biləcək hər hansı daxili böhran zamanı Azərbaycan faktoru, xüsusən də onun Azərbaycan Respublikası və Türkiyə ilə olan bağları səbəbindən həlledici amilə çevriləcəkdir.
Analitik, İran xalqının nümayəndəsi kimi Rza Pəhləvi daxil olmaqla, vahid bir simanın təqdim edilməsi cəhdlərinə qarşı xəbərdarlıq edir. Doranın fikrincə, belə bir yanaşma etnik azlıqlar, xüsusən də azərbaycanlılar tərəfindən fars şovinist millətçiliyinin bərpası və keçmiş güc strukturunun davamı kimi qəbul edilə bilər. Onun qənaətinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni bir görüntü ilə, lakin pərdəarxası eyni güclə hakimiyyətdə qaldığı bir ssenari etnik azlıqlar üçün narahatedici və potensial olaraq təhlükəlidir.
Yekun olaraq məqalədə vurğulanır ki, ABŞ və beynəlxalq oyunçular İrana əvvəlcədən hazırlanmış modellər tətbiq etmək və ya varis təyin etmək əvəzinə, ölkənin mürəkkəb gələcək ssenarilərinə hazırlaşmalı və bu prosesdə etnik qruplarla ünsiyyətdə olmalıdırlar. Maykl Doran həmçinin Vaşinqtonun bölgədəki müttəfiqləri ilə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə məsləhətləşmələr aparmasını tövsiyə edib.