Donald Tramp "Politico" nəşrinə verdiyi müsahibədə "İranda yeni lider axtarmağın vaxtı çatdığını" bəyan edib və Əli Xameneinin 37 illik rəhbərliyinə son qoyulmasına çağırıb. Bu fikirlər son həftələrdə İranda minlərlə insanın ölümü ilə nəticələnən genişmiqyaslı və qanlı etirazların fonunda səsləndirilib. Tramp daha əvvəl İran xalqını "etirazları davam etdirməyə" çağırmışdı.
Bu açıqlamalar Əli Xameneinin ABŞ-a qarşı bir sıra kəskin mesajlar yaymasından sonra verilib. Xamenei həmin mesajlarda Trampı İrandakı "iğtişaşlara" görə məsuliyyət daşımaqda ittiham etmişdi.
Tramp həmçinin son günlərdə kütləvi edamların dayandırılmasından danışıb və ona "qətllərin dayandırıldığı barədə məlumat verildiyini" iddia edib. O bildirib: "Onun verdiyi ən yaxşı qərar iki gün əvvəl 800-dən çox insanı edam etməməsi oldu". Lakin İranın məhkəmə rəsmiləri bu iddiaları təkzib ediblər.
Müsahibənin digər hissəsində Tramp Xameneini "xəstə" adlandırıb və qeyd edib: "Zəif rəhbərliyə görə ölkəsi dünyada yaşamaq üçün ən pis yerdir".