Prezident Əliyevin “2025-ci ilin hadisələri” ilə nəyi nəzərdə tuturdu?

2 saat əvvəl 2 dəq oxu Araz News
Prezident Əliyevin “2025-ci ilin hadisələri” ilə nəyi nəzərdə tuturdu?

Prezident İlham Əliyev bu il “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə ünvanladığı müraciətində Azərbaycan Respublikasının xaricdə yaşayan azərbaycanlılara dəstək rolunu vurğulayaraq bildirib:


“Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.”

Prezident Əliyevin mediada geniş əks-səda doğuran bu fikirləri belə bir sualı gündəmə gətirdi: onun “2025-ci ilin hadisələri” deyərkən konkret olaraq hansı prosesləri nəzərdə tutduğu.

Siyasi analitiklərin qiymətləndirmələrinə görə, 2025-ci ildə regionda baş verən ən mühüm hadisə İsrail ilə İran İslam Respublikası arasında 12 gün davam edən müharibə idi. Bu qarşıdurma İsrailin İran rejiminin hərbi və təhlükəsizlik infrastrukturlarına endirdiyi ciddi zərbələrdən sonra dayandırıldı. Həmin qarşıdurma zamanı Güney Azərbaycanda yerləşən bəzi hərbi bazalar, xüsusilə Təbrizin 2-ci qırıcı aviabazası ağır hava hücumlarına məruz qaldı. Məlumatlara görə, İran rejimi bu bazalarda xeyli miqdarda silah-sursat yerləşdirmişdi; bu silahların hədəfi təkcə İsrail deyil, eyni zamanda qonşu ölkələr – Azərbaycan Respublikası, İraq Kürdüstanı və zərurət yaranacağı təqdirdə Türkiyədəki NATO bazaları da idi. Məhz buna görə bu obyektlər xüsusi olaraq hədəf seçilmişdi.

Bu şəraitdə İran İslam Respublikası Güney Azərbaycan əhalisinin razılığını almadan bölgəni istəmədiyi bir müharibənin meydanına çevirdi. Normal şəraitdə müstəmləkə kimi davranılan, Urmiyə gölü faciəsi kimi həyati məsələlərdə belə dövlət sərmayəsindən məhrum edilən bu region, hərbi qarşıdurma zamanı dağıntı və itkilərin yükünü daşıyan əraziyə çevrildi.

Hadisələrin qızğın çağında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi İsrail hökumətinə ünvanladığı iki rəsmi məktubda Güney Azərbaycandakı mülki ərazilərə hücum edilməməsini xahiş etdi. Bu müraciətlərdən sonra mülki ərazilərdə ciddi itkilərin qeydə alınmaması bildirildi. Bir çox müşahidəçilər bu addımı Azərbaycan dövlətinin siyasi çəkisini Güney Azərbaycandakı türk əhalinin təhlükəsizliyi və həyatının qorunması naminə istifadə etməsinin açıq nümunəsi kimi qiymətləndirdi. Bu addım, “Azərbaycan dövləti müharibə zamanı Güney Azərbaycanı müdafiə etmədi” iddialarına da faktiki cavab oldu.

Digər tərəfdən, Güney Azərbaycan türk toplumunun İkinci Qarabağ müharibəsi zamanı oynadığı rolun xatırladılması da önəmlidir. Həmin dövrdə bu toplumun sosial və siyasi fəallığı, Ermənistanı dəstəkləyən iranşəhərçi–şovinist çevrələrin siyasətinin təsirsizləşdirilməsində mühüm rol oynadı.

Prezident Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səsləndirdiyi son mesaj, analitiklərin fikrincə, Azərbaycan Respublikasının regionda gələcək proseslərdə Güney Azərbaycandakı türk millətinin taleyinə və tələblərinə biganə qalmayacağına dair açıq siyasi mesaj daşıyır.