bazar ertəsi, 30 noyabr 2026
Bölgə

Türkiyə 2050-ci ilə qədər ən azı 12 nüvə reaktoru inşa edəcək

Türkiyə 2050-ci ilə qədər ən azı 12 nüvə reaktoru inşa edəcək

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin 2050-ci ilədək Akkuyu, Sinop və Trakiya bölgələrində ən azı 12 nüvə reaktoru inşa etməyi planlaşdırdığını açıqlayıb. Bu proqram Ankaranın elektrik enerjisi istehsalı gücünü artırmaq, enerji mənbələrini şaxələndirmək və enerji idxalından asılılığı azaltmaq məqsədi daşıyan uzunmüddətli strategiyasının bir hissəsidir.

«Report» agentliyinin məlumatına görə, Bayraktar 28 noyabr, şənbə günü İstanbulda keçirilən «Əsrin gəncləri: Enerji» proqramında çıxış edərkən Türkiyənin «Milli Enerji 2040» strategiyası çərçivəsində bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış gücünü 45 min meqavatdan 175 min meqavata çatdırmağı planlaşdırdığını deyib. Onun sözlərinə görə, bu hədəfə ölkənin müxtəlif bölgələrində günəş və külək elektrik stansiyalarının inkişaf etdirilməsi yolu ilə nail olunacaq. Nazir həmçinin vurğulayıb ki, Türkiyə qlobal enerji böhranlarına baxmayaraq, enerji təchizatı təhlükəsizliyini qoruya bilib.

Türkiyənin enerji naziri nüvə enerjisinə sahib olmağın ölkənin 70 illik arzusu olduğunu qeyd edərək bildirib ki, Akkuyu atom elektrik stansiyasının dörd reaktorunun tikintisi davam edir və Ankara Sinop və Trakiyada da digər stansiyalar inşa etməyi planlaşdırır. O, həmçinin Türkiyənin kiçik modul reaktor texnologiyasını inkişaf etdirmək və bu texnologiyanın istehsalçılarından birinə çevrilmək planından xəbər verib, gələcəkdə nüvə enerjisinin Türkiyənin elektrik təchizatının əsas mənbələrindən birinə çevriləcəyini vurğulayıb.

Bu xəbəri paylaşın