İran Telekommunikasiya Şirkətinin sabit internet paketlərinin qiyməti son bir neçə gündə bəzi hallarda 3-4 dəfə artıb və istifadəçilər buna etiraz ediblər. Şirkətin kommunikasiyalar üzrə müavini Davud Zareyan bahalaşmanın səbəbini Tənzimləmə və Radio Rabitəsi Təşkilatının yeni qərarı və icazə verilən minimum tariflərin müəyyənləşdirilməsi ilə izah edib.
Onun iddiasına görə, paketlərin həcmi də artıb. Əvvəllər 43 min tümən olan 4 meqabitlik 12 giqabaytlıq paket indi 21 giqabaytla 109 min 300 tümənə satılır. Yerli medianın hesablamalarına görə, bu paketin qiyməti 154 faiz artıb, hər giqabaytın qiyməti isə təxminən 45 faiz artaraq 3583 tüməndən 5205 tümənə yüksəlib.
Zareyan son il yarımda əmək haqlarının 6 dəfə, avadanlıq və şəbəkəyə texniki xidmət xərclərinin isə 10 dəfəyədək artmasını bahalaşmanın digər səbəbi kimi göstərib. O, il sonunadək qiymətlərin yenidən artmayacağına söz verib.