Birləşmiş Millətlər Təşkilatı yeni hesabatında açıqlayıb ki, 2025-ci ildə dünyada təxminən 47 min qadın və qız həyat yoldaşı və ya ailə üzvləri tərəfindən qətlə yetirilib. Bu, hər saat beşdən çox qadının öldürülməsi deməkdir.
BMT-nin Qadınlar Təşkilatı (UN Women) ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) birgə hesabatına görə, təxminən 840 milyon qadın və qız həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalıb.
Hesabatda bildirilir ki, zorakılığa məruz qalan qadınların yalnız 23 faizi yardım üçün müraciət edir, zorakılıq hallarının isə cəmi yeddi faizi barədə polisə məlumat verilir.
BMT xəbərdarlıq edib ki, şikayətin nəticələrindən qorxu, iqtisadi asılılıq və məhkəmə sisteminə inamsızlıq bir çox qadını susmağa məcbur edir.
Hesabat həmçinin göstərir ki, sorğuda iştirak edən və ictimai sahədə fəaliyyət göstərən qadınların, o cümlədən jurnalistlərin və insan hüquqları müdafiəçilərinin 70 faizi hansısa formada zorakılıqla üzləşib.