İranda yerləşən təsir şəbəkəsi bir neçə ChatGPT hesabı vasitəsilə yeddi Qərb jurnalistinin kimliyini saxtalaşdırıb. Bu uydurma jurnalistlərin adından ABŞ-İran müharibəsi barədə 100-ə yaxın tənqidi məqalə onlayn media orqanlarına göndərilib. Kampaniya Avstraliyanın ABC telekanalının apardığı araşdırma nəticəsində ifşa olunub.
Bu saxta kimliklərdən biri olan «Alis Conson» birbaşa Avstraliyanı hədəf alıb. O, məqalələrində Avstraliyanın döyüş gəmilərini Hörmüz boğazına dərhal göndərməməsini ABŞ-ın müttəfiqləri arasında yaranan çatın əlaməti kimi təqdim edib. Onun yazılarında Avstraliyada yanacaq vergisinin azaldılması da müharibə xərclərinin Qərb ölkələrinin üzərinə yüklənməsinin göstəricisi kimi təqdim olunub.
Bu hesab X sosial şəbəkəsində 100-dən çox paylaşım edib, avstraliyalı istifadəçilər və akademik dairələrin nümayəndələri ilə əlaqə qurub. Meta şirkəti onu 2024-cü ildən fəaliyyət göstərən və İranda yerləşən təsir şəbəkəsinin bir hissəsi kimi müəyyən edib.