Donald Trampın sədrlik etdiyi Sülh Şurası HƏMAS və digər fələstinli qrupların tərksilah, həmçinin Qəzza zolağının mülki və təhlükəsizlik idarəçiliyinin keçid orqanına təhvil verilməsi ilə bağlı planla razılaşdığını açıqlayıb. Bununla belə, bu razılaşmanın icrası hələ də dalana dirənib və silahlı qrupların tərksilahı hələ həyata keçirilməyib.
"The Jerusalem Post" nəşrinin məlumatına görə, Sülh Şurası 23 noyabr, bazar ertəsi yaydığı hesabatda HƏMAS və fələstinli qrupların hələ 30 iyulda ABŞ-ın sülh planının icrası üçün 15 maddəlik yol xəritəsi ilə razılaşdığını bildirib. Bu plana əsasən, Qəzzanın idarəçiliyi Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitəyə təhvil veriləcək, mülki polis qüvvəsi isə Beynəlxalq Sabitləşdirmə Qüvvələri ilə əməkdaşlıq şəraitində asayişin qorunması məsuliyyətini öz üzərinə götürəcək.
Sülh Şurası HƏMAS-ı tərksilahla bağlı öhdəliyini gecikdirmədən yerinə yetirməyə çağırıb, eyni zamanda İsraildən köçkünlərin məskunlaşdırılması və dağıdılmış infrastrukturun bərpası üçün zəruri avadanlıqların ərazi daxil olmasına icazə verməsini tələb edib. Şuranın baş direktoru Nikolay Mladenov Qəzzada mülki şəxslərin öldürülməsinin davam etməsinin atəşkəsin və sülh prosesinin etibarlılığını şübhə altına aldığını deyərək xəbərdarlıq edib.