Azər ayının 1-dən etibarən evlərdə və ticarət obyektlərində elektrik enerjisinin yenidən kəsilməyə başlaması, qaz çatışmazlığı, elektrik stansiyalarında dizel yanacağı və mazut ehtiyatlarının azalması İranda enerji təchizatı böhranını kəskinləşdirib.
Tejarat News-a istinadən, "Tavanir" şirkətinin baş direktoru Məhəmməd Allahdad bildirib ki, elektrik stansiyalarının yanacaqla təminatındakı məhdudiyyətlər səbəbindən planlı elektrik kəsintiləri gündə 2 saata qədər davam edə bilər.
Məlumata görə, qaz infrastrukturuna dəyən ziyan və xroniki enerji çatışmazlığı ucbatından pik istehlak günlərində qaz təchizatı gücündəki kəsir təxminən 400 milyon kubmetrə çatıb. Eyni zamanda, elektrik stansiyalarının maye yanacaq ehtiyatları da ötən illə müqayisədə azalıb.
Bu vəziyyət İslam Respublikası rəsmilərinin daha əvvəl dizel yanacağı idxalının dayandırıldığını və hətta onun ixracının mümkün olduğunu açıqladıqları bir vaxtda yaşanır.
Yanacaq təchizatında özünütəminetmə iddiası ilə elektrik kəsintilərinin geri qayıtması arasındakı ziddiyyət enerji resurslarının idarə olunması və hakimiyyətin vətəndaşların ilkin ehtiyaclarını təmin etmək sahəsindəki fəaliyyəti ilə bağlı ciddi suallar doğurub.