Birləşmiş Millətlər Təşkilatının 31-ci İqlim Dəyişikliyi Konfransı (COP31) Türkiyənin Antalya şəhərində ölkələrin iqlim dəyişikliyi ilə bağlı 36 məsələ üzrə razılığa gəlməsi ilə başa çatıb. Lakin Avropa İttifaqı ilə neft hasil edən ölkələr, xüsusilə Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılığı qalıq yanacaqlardan asılılığın azaldılması barədə hərtərəfli razılaşmanın əldə olunmasına mane olub. 2009-cu ildən bəri ilk dəfədir ki, BMT-nin illik iqlim toplantısı hərtərəfli siyasi razılaşma qəbul edilmədən işini başa vurur.
Konfransın bu sessiyasında sədrlik Türkiyəyə, danışıqların idarə olunması isə Avstraliyanın iqlim dəyişikliyi naziri Kris Bouenə həvalə edilmişdi. Əsas danışıqlar uğursuz alınsa da, ölkələr iqlim dəyişikliyinə uyğunlaşma, maliyyələşmə və «ədalətli keçid» sahələrində razılaşmalar əldə ediblər. Qəbul olunan mühüm qərarlar sırasında Uyğunlaşma Fondunun Kioto Protokolu çərçivəsindən Paris Sazişinə tam keçirilməsi, həmçinin aşağı karbonlu iqtisadiyyata keçid prosesində həssas ölkələrə və icmalara dəstək mexanizminin irəli aparılması yer alıb. Bundan başqa, İqlim Zərər və İtkiləri Fondu indiyədək 119 inkişaf etməkdə olan ölkədən ümumi dəyəri 2,8 milyard dollar olan 176 maliyyələşmə müraciəti alıb, xeyriyyə təşkilatları isə istixana qazları emissiyalarının azaldılması üçün 480 milyon dollar ayırmağı öhdəlik götürüb.
Bununla belə, qalıq yanacaqların gələcəyi ilə bağlı danışıqlar dalana dirənib. Avropa İttifaqı və iqlim dəyişikliyinin təsirlərinə qarşı həssas olan bir sıra ölkələr yekun sənəddə neft, qaz və kömürdən asılılığın azaldılmasının açıq şəkildə qeyd edilməsini tələb ediblər, lakin Səudiyyə Ərəbistanı və bəzi digər neft hasil edən ölkələr buna etiraz ediblər. Türkiyənin ətraf mühit naziri və konfransın sədri Murat Kurum fikir ayrılığını aradan qaldırmaq üçün hər iki tərəfin nümayəndələri ilə görüşüb və kompromis təkliflər irəli sürüb. Lakin qalıq yanacaqlar, iqlim maliyyələşməsi və ticarət məsələləri ətrafındakı fikir ayrılıqları konsensusun formalaşmasına imkan verməyib.
Reuters agentliyinin məlumatına görə, Avropa nümayəndələri neft hasil edən ölkələrin danışıqlar prosesinə təsirini tənqid ediblər. Türkiyə sədrliyi isə heç bir ölkənin və ya qrupun xüsusi imtiyazdan yararlanmadığını bəyan edib. Nəticədə «Antalya razılaşması» adlanan hərtərəfli sənəd qəbul edilməyib və fikir ayrılıqlarının mühüm hissəsinin müzakirəsi növbəti konfransa təxirə salınıb. COP32 toplantısının 2027-ci il noyabrın 8-dən 19-dək Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi planlaşdırılır.