NASA «PRIMA» kosmik rəsədxanasının yaradılmasında iştirak etmək üçün Britaniyanın BAE Systems şirkətini seçib. Missiyanın kosmik tozun yaratdığı maneələri aşaraq ulduzların və qalaktikaların formalaşmasının, eləcə də kainatda suyun mənşəyinin sirlərini araşdırması planlaşdırılır.
BAE Systems şirkəti PRIMA kosmik aparatının əsas platformasının hazırlanmasını öz üzərinə götürdüyünü açıqlayıb. Bu platformaya enerji təchizatı, rabitə, istiqamətləndirmə və idarəetmə sistemləri daxildir. Şirkət həmçinin rəsədxananın montajı, sınaqları və istismarı üzrə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası ilə əməkdaşlıq edəcək.
Diametri 1,8 metr olan güzgü ilə təchiz edilən PRIMA teleskopu uzaq infraqırmızı şüaları müşahidə etmək üçün nəzərdə tutulub. Bu dalğa uzunluqları alimlərə kosmik tozun arxasında gizlənmiş əraziləri öyrənməyə imkan verir.
Rəsədxananın mühüm xüsusiyyətlərindən biri onun qabaqcıl soyutma sistemidir. Bu sistem ən zəif kosmik siqnalların da aşkarlanması üçün teleskopun temperaturunu təxminən mənfi 269 dərəcə Selsiyə, detektorların temperaturunu isə təxminən mənfi 273 dərəcəyə endirir.
Missiyanın 2033-cü ildə kosmosa buraxılması və beş il fəaliyyət göstərməsi planlaşdırılır. Alimlər ümid edirlər ki, PRIMA Ceyms Uebb teleskopu ilə birlikdə planet sistemlərinin yaranması, qalaktikaların təkamülü və kainatda suyun yayılması barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.